06.05.2016

Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçirildi

Bu gün Bakı  Şəhəri üzrə Təhsil  İdarəsinin təşkilatçılığı ilə 194 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü  ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət yaradıcılıq sərgisi təşkil olundu.

Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ  tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrində əl işləri,  eyni zamanda 2-5 aprel 2016-cı il tarixlərdə Qarabağ uğrunda gedən döyüşlərdə işğaldan azad edilmiş Lələ təpəyə aid maraqlı kompozisiya nümayiş olundu.

Sərginin  əsas məqsədi yaradıcılığın müxtəlif  sahələrində xüsusi istedada malik olan uşaqları  üzə çıxarmaq, onlarda  vətənə  məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini tərbiyə etmək, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirmək  və müsbət əhval-ruhiyyə yaratmaq idi.

Sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri, sektor müdirləri, həmçinin Bakı şəhər təhsil müəssisələrinin  müəllim və şagird kollektivi iştirak edirdi.

Sərginin açılış mərasimində məktəblilər ulu öndər Heydər Əliyev və Azərbaycana  həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Daha sonra BŞTİ-nin müdir müavini Rəşad Tağıyev qonaqları salamladı və sərginin təşkil olunması məqsədindən danşdı. Əl işləri nümayiş edilən şagirdlərə gələcək həyatında uğurlar arzulayan müdir müavini gələcəkdə də belə sərgilərin keçiriləcəyini bildirdi və sərgini açıq elan etdi. Qonaqlar  ayrı-ayrı bölmələr üzrə sərgilənən eksponatlara baxış keçirdilər. Bakı şəhərinin ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin 1334 əl işinin nümayiş olunduğu  sərgidə ümummilli lider Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən əl işləri üstünlük təşkil edirdi.