Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 yanvar 2016-cı il tarixli 28 nömrəli əmri ilə elan edilmiş “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin I, II, III və xüsusi dərəcəli diplomlarına layiq görülmüş məktəblilərin tətif edilmə mərasimi keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilən mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Universitetin prorektoru Qasım Məmmədov, dekan Fəttah Həşimov, kafedra müdiri Yunis Qəhrəmanov, kimya elmləri doktoru Sevinc Məmmədxanova, Bakı Şəhəri 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov iştirak etmişlər.
Çıxış edənlər müsabiqə qaliblərinə uğurlar arzulamış və belə müsabiqələrin keçirilməsinin məktəblilərin kimya elminə olan marağının daha da artırılmasında və onların biliklərinin elmi axtarışlara sövq edilməsində mühim rol oynadığını bildirmişlər. Bu cür müsabiqələrin məktəblilərin müasir dövrün tələblərinə cavab verə biləcək mütəxəssislər kimi hazırlanmalarına ciddi təsir göstəcəyi də vurğulanıb.
Təltifetmə mərasimində 220 nömrəli məktəb-lisey və 287 nömrəli Zəkalar liseyinin komandaları I dərəcəli, 70, 102, 160, 240, 278 nömrəli tam orta məktəblərin komandaları II dərəcəli diploma layiq görülmüşlər.
Bundan başqa Bakı Şəhəri 5, 39 nömrəli tam orta məktəblərin komandaları III dərəcəli diplomla, 27, 117, 186, 192, 239, 253 nömrəli tam orta məktəblərin komandaları isə xüsusi diplomlarla təltif edilmişlər.
Müsabiqədə I, II, III yerləri tutan komandaların mükafatlandırılması isə 28 May - Respublika Günü ərəfəsində təşkil ediləcək. Komanda üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.