16.05.2016

"Uğrunda  qan  tökülən torpağa Vətən deyilir"  adlı tədbir keçirilib

Mayın 13-də Arif Vəliyev adına  258 nömrəli  tam orta məktəbdə  "Uğrunda  qan  tökülən torpağa Vətən deyilir" adlı ədəbi–musiqili tədbir keçirilib.

Tədbirə tanınmış, Vətənini sevən, Vətən haqqında şeirlər yazan və mahnılar ifa edən şairlər, müğənnilər dəvət olunub. Belə ki, tədbirdə Xalq artisti Flora Kərimova, Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü şair Ramiz Qusarçaylı, Nərimanov rayonu İcra Başçısının müavini İradə Mahmudova, Əməkdar incəsənət xadimi Ağalar Mirzə, məktəbin  adını daşıdığı şəhid Arif Vəliyevin anası Sona Vəliyeva, aşıq Əhliman, məktəb kollektivi, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri məktəbin direktoru Sədaqət Hüseynova açıq elan edib. Məktəb direktoru öz çıxışı zamanı qeyd edib ki, məktəbdə mütəmadi olaraq vətənpərvərlik mövzusunda  tədbirlər keçirilir və bu artıq təhsil ocağında ənənə halına çevrilib.

Tədbirdə şagirdlər tərəfindən vətən haqqında şeirlər söylənilib, mahnılar ifa edilib. Məktəbin şagirdləri tərəfindən hazırlanan musiqili kompozisiyalar tədbir iştirakçılarının marağına səbəb olub.

Sonda tədbirdə iştirak edən qonaqlar çıxış edərək belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.