17.05.2016

“Ekoerudit” məktəblilərin ekoloji  breyn-rinq bilik yarışı keçirilir

“Əhalinin ekoloji  təhsili  və  maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək  və məktəblilərin ekoloji  maarifləndirilməsini genişləndirmək  məqsədilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Bakı Şəhəri  üzrə Təhsil İdarəsi  və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə  “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışı keçirilir.

Tərkibi VIII-XI sinif şagirdlərindən təşkil edilmiş və 5  nəfərdən  ibarət olan  komandalar ümumtəhsil məktəblərinin təbiət fənlərinin, məktəbdənkənar təhsil müəssisələrinin  isə  ekoloji dərnəklərinin  tədris  proqramlarına  daxil edilmiş ekoloji mövzular - ekologiyanın əsasları, Azərbaycan flora və faunası, bioloji müxtəlifliyin qorunması, qlobal ekoloji problemlər, ətraf mühitə əlverişsiz təsirlər, ekoloji təhlükəsizlik, ətraf mühit və sağlamlıq, Xəzərin ekologiyası, iqtisadiyyat və ətraf mühit, meşələrin davamlı istifadəsi və qorunması, xüsusi mühafizə olunan  təbiət əraziləri,  davamlı inkişaf, alternativ enerji mənbələri, ətraf mühit üzrə beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi, ekoturizm və ekoloji mədəniyyət üzrə sualları cavablandırırlar.

“Ekoerudit” breyn-rinq bilik yarışının əsas məqsədi məktəblilərin ekoloji biliklərinin  artırılması, ətraf mühitə məsuliyyətli  münasibət, ekoloji  dünyagörüşü və ekoloji mədəniyyətin  formalaşdırılmasıdır.

Bilik  yarışının əsas vəzifəsi isə məktəblilərdə  ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin  həllində fəal  həyat mövqeyi, təbiətə qayğıkeş və humansit münasibət formalaşdırmaq, təbii ehtiyatların  davamlı istifadəsinə  dair  bilik  və bacarıqları  inkişaf etdirmək, ekoloji bilikləri  sınaqdan keçirməkdən ibarətdir.

Hazırda Bakı şəhərinin ayrı-ayrı rayonları üzrə yarışlar keçirilir. “Ekoerudit” məktəblilərin ekoloji  breyn-rinq bilik yarışının  Bakı şəhər zona turunda Nəsimi, Nizami, Nərimanov, Xətai, Səbail, Yasamal, Binəqədi, Xəzər, Pirallahı, Sabunçu, Qaradağ, Zəngilan, Şuşa rayonlarından  bir komanda  olmaqla ümumilikdə  14 komanda iştirak edəcəkdir. Zona turunun  ən yaxşı  üç qalib   komandası  isə respublika  turunda iştirak etmək  hüququ qazanacaqdır.


Açar sözlər: ,  ,