19.05.2016

Gənc bioloqların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirildi

May ayının 19-da Azərbaycan Tibb Universitetində  gənc  bioloqların  yaradıcılıq  müsabiqəsinin  final mərhələsi keçirildi.

Bakı şəhər məktəblilərinin biologiya fənninə  olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması  məqsədilə təşkil olunan müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  22 fevral  2016-cı il  tarixli  88  nömrəli əmri  ilə elan edilmişdir.

Müsabiqənin birinci mərhələsi-təhsil müəssisələrində 01-31 mart 2016-cı il tarixlərində,  ikinci mərhələsi-Bakı şəhərinin rayonları üzrə 01-22 aprel 2016-cı il tarixlərində təşkil olunmuşdur.

Azərbaycan Tibb Universitetində keçirilən müsabiqənin rəsmi hissəsini açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət  Vəliyeva tədbir iştirakçılarını salamladıqdan sonra müsabiqənin gedişatından məlumat verdi. Müsabiqədə iştirak edən uşaqların gələcəkdə savadlı bioloq, həkim olacağına inamını ifadə edən BŞTİ müdiri yaratdıqları şəraitə görə Tibb Universitetinin rəhbərliyinə minnətdarlığını bildirdi. Belə müsabiqələrin ənənə halını alması arzusunu dilə gətirən Məhəbbət xanım, bunun  məktəblər və universitetlər arasında sıx əməkdaşlığa səbəb olacağını dedi.

Daha sonra çıxış edən ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev Tibb Universitetinin yaranma tarixindən danışdı, gələn qonaqlara Universitetin fəaliyyəti barədə məlumat verdi.

Rəsmi hissədən sonra müsabiqənin final mərhələsinə start verildi. Qeyd edək ki, final mərhələdə  24 komanda - 7, 12, 27, 54, 93, 106, 117, 153, 160, 167, 168, 211,  217,  218, 232, 235, 252,  253, 254, 291,  297, 307, 312,  315 nömrəli tam orta məktəblərin komandaları iştirak edirdi.

Bakı şəhəri ümumtəhsil məktəblərinin VIII-X sinif  şagirdlərinin iştirak etdiyi müsabiqənin final mərhələsində   tərkibi  3 nəfərdən ibarət olan  komandalar  2  akademik saat  ərzində  ümumtəhsil  və  məktəbdənkənar   təhsil müəssisələrinin proqramlarına uyğun  olaraq   biologiya  fənni  üzrə  30 sualdan  ibarət  testi, 5 məsələni  və  1 təcrübə  işini  yerinə  yetiriblər.

Qaliblər  ekspert qrupu tərəfindən 5 bal sistemi  ilə müəyyənləşdirilib. Çox bal toplayan   komandalar qalib hesab olunub.

Qeyd edək ki, final mərhələsində qalib komandaların rəhbərləri  ilə yanaşı, həmin  məktəblərin  direktorları,  tərbiyə işləri üzrə direktor müavinləri və  uşaq birliyi rəhbərləri  də iştirak ediblər. 

Müsabiqənin qaliblərinə  Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil  ediləcək  yekun tədbirində   diplom  və  hədiyyələr  veriləcəkdir.


Açar sözlər: ,  ,