20.05.2016

Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə  İşi  Mərkəzinin dərnək üzvləri “Beynəlxalq  Muzeylər Günü” münasibətilə keçirilən tədbirlərdə iştirak ediblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 46  nömrəli  Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Günəş” rəsm studiyasının 25 üzvü Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi tərəfindən 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən silsilə   tədbirlərdə  fəal iştirak ediblər.

Bununla əlaqədar “Günəş” rəsm  studiyasının rəhbəri Naqiyə Rzayeva “İCOM”-un təşkilatçılığı ilə keçirilən seminarlarda iştirak edib.

            “Muzeydə bir gün” adlı layihə əsasında uşaqlar dərnək üzvləri  “Qala” Arxeoloji Etnoqrafik Muzey Kompleksində, Kənd Təsərrüfatı Muzeyində ekskursiyada olublar. Ekskursiya zamanı uşaqlar canlı olaraq xalça toxuma, lavaş bişirmə proseslərinə baxmış, dəmirçi və keramika sexlərində olmuşlar. Dərnək üzvləri  ekspozisiya ilə tanışlıqdan sonra bəyəndikləri guşələrin rəsmlərini işləyiblər. Yarımçıq rəsmlər isə  studiyada tamamlanmışdır.

18 may 2016-cı il tarixində İçərişəhərdə yerləşən Əliağa Vahid adına bağda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İCOM” Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə “Muzeylər uşaqların gözü ilə” mövzusunda  keçirilən sərgidə 46 nömrəli  Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Günəş” art studiyası üzvlərinın “Qala” Arxeoloji Etnoqrafik Muzey Kompleksində və Dövlət Kənd Təsərrüfatı Muzeyində çəkdikləri rəsm əsərləri, fotolar nümayiş olunub.

Tədbir zamanı uşaqların təqdim etdiyi əl işləri dəyərləndirilmiş, onlara diplom və hədiyyələr təqdim olunmuşdur.