20.05.2016

Təbiət onu sevənlərindir

Bakı şəhəri  238  nömrəli  tam orta məktəbdə  19 may 2016-cı il tarixində  “Təbiət onu sevənlərindir “ adlı tədbir təşkil olunmuşdur.

2016-cı tədris ilinin əvvəlindən məktəbin 2a sinfində şagirdlərin iştirakı ilə “Təbiəti sevək və qoruyaq”, “Təbiət zərrəsiyik” adlı sərgi, “Təbiəti öyrənək”, “Təbiət qoynunda” layihələrinin icrasına start verilmişdir.

Məktəblilər arasında “Təbiəti qorumaq borcumuzdur”, “Təbiəti - gələcəyimizi qoruyaq”, “Təbiət onu sevənlərindir”, “Təbiət üçün mən nə edə bilərəm?”, “Təbiəti düşünək,o bizi düşündüyü kimi” adlı inşa yazı müsabiqələri keçirilmişdir.

Məktəbin tədris təcrübə sahəsində “Hərəmiz bir ağac əkək”,  “Ağaclara qulluq edək”, “Quş dənlikləri düzəldək” adlı aksiyalarda məktəb şagirdləri iştirak etmişdir.

Bu layihəni həyata keçirməkdə əsas məqsəd şagirdlərin təbiətə olan sevgilərini artırmaq, hər zaman təbiəti qorumağa səsləməkdir. Şagirdlərin təbiətə aid əl işləri, inşa yazıları, rollu səhnələri, şeirlərində  təbiətin müxtəlif  sahələri öz əksini tapmışdır.

Layihə şagirdlərdə “bu gün təbiətə qarşı atdığımız səhv addım sabah bizim özümüzü cəzalandıracaq” fikrini aşılayır.  Onlar anlayır ki, ana Təbiət elə ana Vətən kimi bizə əzizdir.

Layihənin uğurla başa çatması münasibətilə keçirilən yekun tədbirdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı  Rövşən Əliyev, Nərimanov-Nizami rayonu Metodik Mərkəzin əməkdaşı Tahirə xanım və mətbuat işçiləri iştirak edirdilər.

Tədbirdə əvvəlcə  şagirdlərin rəsmlərinə, əl işlərinə baxıldı, eləcə də qayğı göstərib, bəslədikləri heyvanlar haqqında  təqdimatları dinlənildi.

Daha sonra 2 a sinif şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Şagirdlərin ifa etdikləri təbiət mövzusunda şeirlər, mahnılar, “İlin fəsilləri”, “Qarabağ”  “Quşları məhv edən uşaqlar”, “Ağacların faydası”, “Ana təbiətin müraciəti”, “Müsyo Jordan-Azərbaycana səyahət” adlı səhnəciklər, rəqslər, “Azərbaycan təbiəti” mövzusunda çıxışları tamaşaçıların böyük marağına səbəb oldu.