24.05.2016

“Açıq dərs” layihəsi həyata keçirilir

Bu gündən başlayaraq Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə “Açıq dərs” layihəsinin həyata keçirilməsinə başlanılıb.

Bakı şəhəri 240 nömrəli məktəbdə proqrama uyğun olaraq “Açıq dərs” layihəsi uğurla həyata keçirilib. Açıq dərslər başlamazdan əvvəl Nəsimi rayonu üzrə məktəblərdən dəvət olunan müəllimlərin iştirakı ilə iclas keçirilib. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova və idarənin digər nümayəndələri də iştirak edib. İclasda çıxış edən məktəbin direktoru Esmira Məmmədova qonaqları salamladıqdan sonra məktəbin son illərdə əldə etdiyi uğurlardan söz açıb. Məktəbin 2008 və 2013 – cü illərdə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olduğunu bildirən direktor ardıcıl olaraq TQDK – nın statistik hesabatında tələbə qəbulunun nəticələrinə görə yaxşı məktəblər sırasında olduğunu qonaqların diqqətinə çatdırıb.

BŞTİ – nin sektor müdiri Lamiyə Şərəfxanova çıxışı zamanı “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakı şəhəri 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə “Açıq dərs”lərin keçirildiyini  bildirib.

Çıxışlardan sonra 240 nömrəli məktəbdə riyaziyyyat, fizika və informatika fənləri üzrə açıq dərslər keçirilib. 5 sinifdə riyaziyyat, 3 sinifdə fizika, 2 sinifdə isə informatika fənləri üzrə açıq dərslər təşkil olunub. Açıq dərslər V-VIII siniflər üzrə kurikulumun tətbiq edildiyi siniflərdə həyata keçirilib.

Açıq dərslər bitdikdən sonra hər fənn üzrə ayrılmış otaqlarda açıq dərslərin müzakirəsi keçirilib. Müzakirə zamanı müəllimlər arasında fikir mübadiləsi aparılaraq açıq dərsi aparan müəllimlərin məqsədlərinə nail olub olmadığı barədə araşdırma aparılıb. 


Açar sözlər: ,