25.05.2016

Şair Zahid Xəlillə görüş keçirilib

“Balaca  kibritlə  böyük  ocaqlar yandırmaq olar, balaca açarla  iri darvazaları  açmaq  olar, balaca  uşaq gözü ilə də bütün dünyanı görmək olar”.

Bakı şəhəri  246 nömrəli tam orta  məktəbdə Azərbaycan uşaq  ədəbiyyatının görkəmli nümayəndəsi,  jurnalist, respublikanın əməkdar müəllimi, professor, uşaqların sevimlisi  Zahid Xəlillə görüş keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Almaz Bayramova  açaraq uşaqların sevimli yazıçısı Zahid Xəlilin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi və bildirdi ki, görkəmli ədib  hələ də uşaqlar üçün yazıb-yaratmaqdadır. Vurğuladı ki, Zahid Xəlilin bütün əsərləri  özünün rəngarəngliyi ilə güclü bir yazıçı təxəyyülünün, fantaziyasının məhsuludur və xeyir qüvvələri şərə qarşı qoyur. Sonra müəllim və şagirdlərin dəvətini qəbul edərək onların görüşünə gəldiyi üçün direktor kollektiv adından görkəmli yazara  minnətdarlığını bildirdi.      

Tədbirdə  uşaqlar  şairin Azərbaycan və rus dillərində şeirlərini, yanıltmac və tapmacalarını  söylədilər,  hekayə, təmsil və şeirləri əsasında hazırladıqları səhnəcikləri təqdim etdilər. Görüşdə görkəmli ədibin  həyat və yaradıcılığını əks etdirən video-çarx izlənildi.  Məktəbin xor kollektivinin ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar iştirakçılarda xoş təəssürat yaratdı. Görüşdə Zahid Xəlil şagirdlərin ünvanladığı  suallara cavab verərək yaradıcılığı ilə bağlı maraqlı əhvalatlar danışdı, şeirlərindən   söylədi.

Sonda görkəmli ədib şagirdlərlə olan foto rəsmlərini imzaladı.
Tədbir iştirakçıları foyedə Zahid Xəlil yaradıcılığına həsr olunmuş “Sevimli yazıçımız – Zahid Xəlil” adlı kitab sərgisi ilə tanış oldular.