25.05.2016

“Açıq dərs” layihəsi başa çatdı

Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə keçirilən “Açıq dərs” layihəsi bu gün başa çatıb.

Bakı şəhəri 135 nömrəli məktəbdə proqrama uyğun olaraq “Açıq dərs” layihəsi uğurla həyata keçirilib. Açıq dərslər başlamazdan əvvəl Binəqədi rayonu üzrə məktəblərdən dəvət olunan müəllimlərin iştirakı ilə iclas keçirilib.

İclasda çıxış edən məktəbin direktoru Sadəgül Həsənova qonaqları salamladıqdan sonra məktəbin son illərdə əldə etdiyi uğurlardan söz açıb. Məktəb direktoru çıxışı zamanı “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakı şəhəri 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə “Açıq dərs”lərin keçirildiyini  bildirib.

Çıxışlardan sonra 135 nömrəli məktəbdə kimya və biologiya fənləri üzrə açıq dərslər keçirilib. Açıq dərslər V-VIII siniflər üzrə kurikulumun tətbiq edildiyi siniflərdə həyata keçirilib.

Açıq dərslər bitdikdən sonra hər fənn üzrə ayrılmış otaqlarda açıq dərslərin müzakirəsi keçirilib. Müzakirə zamanı müəllimlər arasında fikir mübadiləsi aparılıb və keçirilən dərslərlə bağlı metodistlər tərəfindən tövsiyələr verilib. 


Açar sözlər: ,  ,