27.05.2016

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində təşkil olunan “28 May-Respublika Günü”nə həsr olunmuş tədbirlər davam edir

Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin  təşkilatçılığı ilə  7  nömrəli tam orta məktəbdə 25 may 2016-cı il tarixində  “28 May-Respublika Günü”nə  həsr  olunmuş  rayon miqyaslı elmi-praktik konfrans keçirilmişdir.

“Azadlıq və istiqlaliyyət hər  bir xalqın milli sərvətidir” adlı elmi-praktik konfransda Səbail Rayon  İcra Hakimiyyətinin  başçısı  Eldar Əzizov, Yeni Azərbaycan Partiyasının  Səbail  rayon təşkilatının  sədri,  Milli Məclisin deputatı Şəmsəddin Hacıyev,  Səbail rayon ümumtəhsil məktəblərinin  direktorları, valideynlər iştirak etmişlər.

 Qonaqlar  məktəbin foyesində yaradılmış Azərbaycan tarixini canlandıran  sərgi ilə tanış olmuşlar. Sərgidə Azərbaycan xalqının zəngin mədəniyyətini  tarixini özündə əks  etdirən sənət nümunələri, əl işləri   nümayiş olunmuşdur.

Daha sonra  tədbir  “Tariximiz dünən və bu gün” başlığı altında  şagird araşdırmasının  təqdimatı ilə davam etmişdir. Məktəblilər təqdimatın hazırlanması zamanı araşdırmalar aparmış, ölkəmizin tarixi haqqında yazılmış kitab və məqalələrlə tanış olmuş, Azərbaycanın bütün tarixi dövrləri haqqında məlumatlar toplamışlar.

Təqdimatda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə verdiyi töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi  tarixi xidmətlərindən bəhs edilmişdir.

Tədbirdə “Azərbaycan dövlət müstəqilliyinin  bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir”,  “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun  həyata keçirilməsi”,  “Xarici ölkələrdə  Azərbaycan diasporalarının yaradılması”,  “Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısıdır” mövzularında  çıxışlar dinlənilmişdir.

Sonda  iştirakçılara “İstiqlaliyyətimiz  əbədidir” mövzusunda video təqdim olunmuşdur.