02.06.2016

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin iştirakçıları üçün yaz düşərgəsi təşkil olunub

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi uğurla davam edir. Qeyd edək ki, bu, adıçəkilən layihənin üçüncü mərhələsidir və bu il də, keçən il olduğu kimi Bakının Binəqədi, Suraxanı, Xətai və Qaradağ  rayonlarını əhatə edir. Əsas məqsədi aztəminatlı ailələrdən potensiallı gənclərin seçilib ali məktəblərə qəbul olmasına və həmin gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək olan layihədə şagirdlərin maraqlı, təcrübəli və uğurlu insanlarla görüşləri təşkil olunur.

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinə seçilən şagirdlərin fərdi inkişafı üçün eyni zamanda onlarda elmə rəğbət, yaradıcı təfəkkür, insanlığa və ətrafa qarşı sevgi, ədalət kimi dəyərlərin formalaşmasına çalışılır.

Layihə çərçivəsində 28-30 may tarixlərində iştirakçılar üçün Oğuz rayonuna 3 günlük yaz düşərgəsi təşkil olunmuşdur. Düşərgədə 64 nəfər olmaqla orta balı 400 dən yuxarı olan şagirdlər, müəllim və təşkilatçılardan ibarət heyət iştirak etmişdir.

Universitetə hazırlıq müddətində stres və həyəcanlarının azalması üçün 3 gün ərzində layihə qalibləri əyləncəli və intellektual oyunlarda iştirak etmiş, futbol oynamış, dağ və meşə gəzintisinin ardından açıq havada piknik etmişlər.

Düşərgənin keçirilməsində əsas məqsəd layihəyə qoşulan şagirdlərdə sosiallaşma və ünsiyyət bacarıqlarını inkişaf etdirmək və Layihənin əsas meyarlarından olan “Ədalət” movzusunda şagirdlərin maarifləndirilməsi olmuşdur.

Bunun üçün də düşərgədə iştirakçılar müxtəlif mövzular ətrafında beyin həmləsi aparmaq, müxtəlif fikirlər ortaya qoymaq və onlar ətrafında müzakirə aparmaq qabiliyyətlərini inkişaf etdirmiş, qrup olaraq işləyərək komanda işinin prinsip və qaydalarına yiyələnmişlər.

Həmçinin, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov “Ədalət” movzusunda çıxış etmiş və dəyərli fikirlərini layihə iştirakçıları ilə bölüşmüşdür.