05.09.2016

“Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi başa çatdı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  2016-cı ilin may-iyun aylarında təhsil müəssisələrində    həyata keçirilən  “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinə yekun vurulmuşdur.        

Layihə çərçivəsində  gənc nəsildə  vətənpərvərlik  ruhunun  yüksəldilməsi, gənclərimizdə  müstəqil dövlətçilik ənənələrinə  hörmət və sədaqət  hissinin gücləndirilməsi, qəhrəmanlıq  nümunələrinin  onlar  arasında təbliği,  Azərbaycanın  milli-mədəni  irsi və tarixi haqqında  geniş məlumat verilməsi  istiqamətində bir sıra tədbirlər  həyata keçirilmişdir.  İctimai Birlik   və   Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə Quba və Mingəçevir şəhərlərində  Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, Böyük Vətən Müharibəsi veteranları ilə görüşlər keçirilmiş, mövzu ilə əlaqədar söhbətlər aparılmış, filmlər nümayiş etdirilmişdir.

Layihənin başa çatması ilə əlaqədar  02 sentyabr 2016-cı il  tarixində   Bakı Beynəlxalq  Mətbuat  Mərkəzində təşkil olunan yekun tədbirdə   3, 102, 135, 157,  248 nömrəli  və digər  ümumtəhsil məktəblərinin  pedaqoji işçiləri,  Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və müxtəlif qeyri-hökumət  təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Layihəyə dəstək olmuş təşkilatlar, o cümlədən   Bakı Şəhəri üzrə Təhsil İdarəsi  fəal iştirakına görə İctimai Birlik tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə metodisti Mürsəl Qurbanov, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva  və başqaları   tədbirdə  çıxış edərək “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin layihə çərçivəsində apardığı  işləri yüksək qiymətləndirmiş və gələcəkdə də belə layihələrin  təhsil müəssisələrində yer alacağına  ümidvar olduqlarını bildirmişlər.

Sonda  İctimai Birliyin sədri Mətanət Əsgərqızı  layihədə yaxından  iştirak etmiş bütün təşkilatlara  öz minnətdarlığını bildirmişdir.