27.09.2016

Müəllimlər üçün növbəti təlimlərə start verilib

Sentyabrın 27-də Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün növbəti təlimlərə başlanılıb.

Təlimlər Bakının 3, 276, 106, 7, 159, 220, 252, 156, 55, 56, 327 nömrəli tam orta məktəbləri olmaqla, ümumilikdə 11 mərkəzdə təşkil olunub. Budəfəki təlimlərə 354 müəllim cəlb edilib.

Qeyd edək ki, ilk belə təlim sentyabrın əvvəllərində təşkil olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır. Məktəbəhazırlıq qruplarında dərs demək üçün əsasən təcrübəli,  intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir. 

Oktyabrın 3-dən mayın 31-dək həftədə 4 gün olmaqla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq  vərdişlərin formalaşdırılmasıdır.