03.10.2016

Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb.

Oktyabrın 3-də Bakı şəhərindəki 18, 7 və 32 nömrəli tam orta məktəblərdə məktəbəhazırlıq qruplarının fəaliyyətə başlamasına həsr olunmuş təqdimat mərasimləri keçirilib.

Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəblərin direktorları, müəllimlər, valideynlər və uşaqlar iştirak ediblər.

 Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan təqdimat mərasimlərində daha sonra məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən bəhs edən videoçarx və  məktəblilərin ifasında bədii-musiqili proqram nümayiş etdirilib.

Bildirilib ki, 2016-2017-ci tədris ili üçün Bakı şəhəri üzrə 847 məktəbəhazırlıq qrupuna 19 538 uşaq müraciət edib. BŞTİ-nin tabeliyindəki 254 məktəbdə həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq  vərdişlərin formalaşdırılmasıdır.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı ildə oktyabrın 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlayıb.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Gün ərzində 3 məşğələ tədris olunacaq qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Məktəbəhazırlıq qruplarında məşğələləri aparmaq məqsədilə təcrübəli ibtidai sinif müəllimləri seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Təlimlərə 850 müəllim cəlb edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilmiş təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb.

Daha sonra paytaxtın müvafiq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında ilk məşğələyə start verilib.