26.10.2016

Beşinci təlim-seminar Suraxanı rayonu üzrə təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir. Oktyabrın 25-də sayca beşinci təlim-seminar Suraxanı  rayonunda keçirilib.

Paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

Suraxanı rayonunda yerləşən 317 nömrəli tam orta məktəbdə keçirilən təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilmə məqsədlərindən və səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirlərdən danışıb. Direktorlar qarşısında “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edən M.Vəliyeva, həmçinin dəyərlərə sahib məktəb modelinin yaradılmasının daha optimal yolları məsələsini iştirakçıların müzakirəsinə təqdim edib.

Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova “Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda çıxış edib.

Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.

Təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarların paytaxtın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,