16.11.2016

Məktəbəhazırlıq qruplarında çalışan 800-dən artıq müəllim imtahan verib

Noyabrın 16-da məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.

Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahan 1 saat davam edib.

İmtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilib.

İmtahanda 800 nəfərdən artıq müəllim iştirak edib. İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.