12.12.2016

Təhsil müəssisələrində anım tədbirləri keçirilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar silsilə anım tədbirləri, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib.

Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların,  habelə valideyn icmalarının nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji və şagird  kollektivləri  iştirak ediblər.

Anım tədbirlərində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə söhbət açılıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi fərman və sərəncamlar imzalayıb. Ulu öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib. Məhz həmin kadrlar bu gün Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində fəal iştirak edirlər.

"Unudulmaz Ulu Öndər", “Dahi rəhbər”, “Heydər Əliyev yeniyetmə və gənclər üçün milli düşüncə məktəbidir”, “Sən elə bir zirvəsən...”, “Azərbaycan xalqının ən böyük sərvəti”, “Dahilər heç vaxt unudulmur”, “Qəlblərdə yaşayan lider” və  digər tədbirlərdə ümummilli lider haqqında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şeirlər söylənilib, dahi rəhbərin hakimiyyəti illərində respublikamızın təhsil sahəsində qazandığı parlaq nailiyyətlərdən danışılıb.

Vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətimizin taleyi etibarlı əllərdədir və bu kursun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq uğurlara imza atmaqdadır.

Anım tədbirlərində ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş etdirilib. Həmçinin, təhsil müəssisələrində fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.