22.12.2016

“Xoş gəlmisən, qış fəsli” mövzusunda sərgi keçirilib 

Bakı şəhərindəki 5 nömrəli tam orta məktəbdə “Xoş gəlmisən, qış fəsli” mövzusunda sərgi keçirilib.

Qış fəslinin gəlişi ilə əlaqədar şagirdlər fərdi fantaziyalarına, bacarıqlarına uyğun olaraq şam qozaları, budaq, rəngli kağız, parça, düymə və digər aksesuarlardan istifadə edərək müxtəlif eksponatlar hazırlayıblar. İlkin mərhələdə 100-dən çox eksponat arasında 50 ən yaxşı kreativ eksponat sərgidə nümayiş etdirilib.

Bildirilib ki, şagirdlər tərəfindən kreativ əl işlərinin hazırlanması onların hərtərəfli inkişafında mühüm rol oynayan amillərdən biridir. Bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, bacarıq və qabiliyyətləri üzə çıxarmaq, sağlam rəqabət hissi formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sərginin təşkilində “Məktəblinin dostu” layihəsi çərçivəsində seçilmiş gənclər də şagirdlərlə birgə yüksək fəallıq nümayiş etdiriblər.