19.01.2017

Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr olunan “20 Yanvar sınağı: Azərbaycançılıq  nümunəsi”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Tariximizin qan yaddaşı” “Tariximizin şanlı səhifəsi” və digər müvafiq mövzularda konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açılıb. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanlı səhifəsi kimi yaşadılması, təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Qanlı Yanvar faciəsi ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında “Qanlı şənbə gecəsi rənglərin dilində”, “Vətən şəhidləri ilə ucalır” mövzularında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.

Qeyd edək ki, təhsil müəssisələrində 20 yanvar hadisələri barədə sənədli və bədii filmlərin nümayişi, eləcə də məktəblilərin və təhsil işçilərinin şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri keçirilib.

Həmçinin, paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarətləri təşkil olunub və bu gün ilk dərslər 20 Yanvara həsr olunub.

 


Açar sözlər: