14.02.2017

Məktəblilərarası məntiq yarışları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində məntiq yarışları keçirilir.  

“Məktəblərarası əməkdaşlıq” layihəsinin əsas məqsədi məktəblər arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlıq əsasında təhsili daha da inkişaf etdirməkdən ibarətdir.

Bakı şəhəri 232 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə həyata keçirilən yarışlar məktəblilərdə məntiqi biliklərin genişləndirilməsi, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin aşkara çıxarılması və onların elmə marağının daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif qruplar üzrə keçirilən yarışlarda paytaxtın 85, 87, 140, 178, 193, 232 və 327 nömrəli tam orta məktəblərinin komandaları öz gücünü sınayıb. Yarışlarda komandalara I turda 10, II turda 7, III turda isə 5 məntiqi sual təqdim edilib. Qruplar üzrə yarışlarda 85 nömrəli tam orta məktəbin “Zəfər”, 193 nömrəli tam orta məktəbin “Şəhriyar" və 232 nömrəli tam orta məktəbin “Uğur” komandaları I yerin qalibi olub.

Hər qrup üzrə yarışda I yerin qalibi olan komanda kubokla, II və III yerləri tutan komandalar isə diplomla təltif edilib.

Qeyd edək ki, məktəblilərarası məntiq yarışlarının qarşıdakı müddətdə kənd məktəbləri ilə birgə keçirilməsi nəzərdə tutulub. Məntiq yarışları may ayına qədər davam edəcək. 


Açar sözlər: ,  ,  ,