15.02.2017

“75 məktəb” layihəsi çərçivəsində görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “75 məktəb” layihəsi çərçivəsində ilk maarifləndirici görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin yeni model əsasında həyata keçirilməsi barədə müəllimləri məlumatlandırmaqdan ibarətdir.

Qaradağ rayonundakı 233 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.

Görüş zamanı IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlərə mütəxəssislər tərəfindən yeni imtahan qaydaları, standartların təhlili, açıq suallarla işləmək texnikası və qiymətləndirilməsi, strategiyalı oxu, oxuyub anlama, o cümlədən mətn üzərində iş, mətnin növləri, mətnin hissələri, məzmunu, ideyası haqqında və riyaziyyat fənni üzrə müəyyən edilmiş 5 məzmun xətti üzrə 12 əsas standartın reallaşdırılması istiqamətində tövsiyələr verilib.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğindən ibarətdir.


Açar sözlər: ,  ,