16.02.2017

“Olimpiya Hərəkatı-2017”nin I mərhələsi başa çatıb

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində keçirilən məktəbdaxili yarışlar başa çatıb.

Yarışlarda paytaxtın 294 ümumi təhsil müəssisəsi üzrə 63 504 şagird iştirak edib. Bakı məktəbliləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbliləri də yarışlara qatılıblar. Qarşılaşmalar 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilib. 

Hazırda “Olimpiya Hərəkatı-2017” idman proqramı çərçivəsində rayondaxili yarışların püşkatma mərasimləri keçirilir. Voleybol, basketbol, badminton idman növləri üzrə keçirilən püşkatma mərasimləri Bakı şəhərində fevralın 20-də başa çatacaq. Mart ayının 1-dən “Olimpiya Hərəkatı-2017” idman yarışının rayon mərhələsi start götürəcək.            

Qeyd edək ki, “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir. 


Açar sözlər: