23.02.2017

İkinci “Ekoloji aylıq” davam edir     

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.

Layihə çərçivəsində fevral ayı ümumi təhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, incəsənəti barədə maarifləndirmək və onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltməkdir. 

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilir, araşdırmalar aparılır. Bundan başqa, məktəblilərin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Azərbaycan Tarix Muzeyi,  “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan İstiqlal Muzeyinə ekskursiyaları da təşkil edilib.

Qeyd edək ki, fevral ayının sonunda mövzuya uyğun olaraq “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyaları üzrə qalib məktəb seçiləcək.


Açar sözlər: ,  ,  ,