01.03.2017

Debat Klubları üzrə təlimlər keçirilir

“Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi çərçivəsində klub rəhbərləri üçün təlimlər davam edir.

Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Təlimlər Debat Klub rəhbərlərinin layihənin istiqamətləri ilə tanış olunması, onların maarifləndirilməsi və düzgün debat ideologiyasının məktəblərdə təbliği məqsədilə təşkil edilir.

95 nömrəli tam orta məktəbdə keçirilən təlimlərdə Xətai və Suraxanı rayonları üzrə layihəyə cəlb olunan 5 məktəbin Debat Klub rəhbərləri iştirak edib.

Təlimlər zamanı Milli Debat Proqramının rəhbəri tərəfindən Debat Klublara rəhbərlik edəсək şəxslərə layihənin formatı izah edilib və zəruri informasiyalar verilib.

Qeyd edək ki, təlimlər martın 10-na qədər davam edəcək.

“Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsinin əsas məqsədi şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, onlarda auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək, məntiqi təfəkkürü inkişaf etdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılmasından ibarətdir.


Açar sözlər: ,  ,