02.03.2017

Məktəblilər arasında şahmat üzrə turnir

"Məktəblinin dostu" pilot layihəsinin tətbiq olunduğu 30 məktəb arasında şahmat turniri keçirilib.

Təhsil Nazirliyi və "ASAN Xidmət"in birgə tərəfdaşlığı ilə həyata keçirilən yarışın təşkilində əsas məqsəd şagirdlərin intellektual inkişafına dəstək olmaq və asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.

Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə keçirilən turnirin açılış mərasimində çıxış edən "Məktəblinin dostu" pilot layihəsinin rəhbəri Rüstəm Ağayev yarışın təşkilində göstərdikləri köməyə görə məktəb rəhbərləri və müəllimlərə təşəkkürünü bildirib.

Yarış 7 turdan ibarət İsveçrə sistemi ilə keçirilib. Hər məktəbdən iki şagird (1 qız, 1 oğlan) olmaqla,  ümumilikdə 60 məktəbli şahmat turnirinə qatılıb.

Turniri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov,  şahmat üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Sideyfzadə, “ASAN Xidmət”in İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və valideynlər izləyiblər.

Turnirin qalibləri müəyyənləşdirilib. Qaliblərə medal və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində belə tədbirlərin gələcəkdə də təşkili nəzərdə tutulur.