03.03.2017

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi çərçivəsində görüş

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin 4-cü ilində iştirak edəcək şagirdlərin müəyyənləşdirilməsi istiqamətində paytaxtın ümumi təhsil məktəblərinin direktorları ilə görüşlər keçirilir.

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı şagirdlərin seçilib ali məktəblərə qəbul olunması və hərtərəfli fərdi inkişafı istiqamətində onlara dəstək verməkdən ibarətdir. Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxuma həvəsi,  bilik və potensialı kimi üç meyar əsasında həyata keçirilir.

Layihənin 3-cü ilində 5 mərhələli seçim nəticəsində Bakının Binəqədi, Xətai, Suraxanı, Qaradağ rayonları üzrə müraciət edən 2800-dən çox şagirddən 155 məktəbli layihənin iştirakçısı adını qazanıb. Bu il Sabunçu rayonu da daxil edilərək layihəyə cəlb olunan rayonların sayı 5-ə çatdırılıb. Hazırda layihənin 3-cü ilində seçilmiş gənclərin intensiv hazırlığı davam edir. Həmçinin, onların fərdi inkişafına xidmət edəcək müxtəlif təlimlərin, görüşlərin və digər tədbirlərin keçirilməsi ilə gənclərdə elmə rəğbət, yaradıcı təfəkkür, dünyagörüşü, özünütəqdimat, ünsiyyət bacarıqları və müvafiq dəyərlərin formalaşmasına dəstək verilir.

Qeyd edək ki, layihə korporativ sosial məsuliyyət siyasəti çərçivəsində “İTECA Caspian”, “EY”, “Kainat TM”, “Caspian Event Organisers” şirkətlərinin sponsorluğu, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilir. Layihənin tərəfdaşları “ADA” Universiteti, “Azərbaycan” Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı isə “Legacy CSR Consulting and Management” şirkətidir.