10.03.2017

“Alternativ enerji” mövzusunda tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.

Layihə çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini alternativ enerji mənbələrinə yönəltmək, onları bu barədə daha geniş şəkildə maarifləndirməkdən ibarətdir. 

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Alternativ enerji” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.

Qeyd edək ki, mart ayının sonunda mövzuya uyğun olaraq “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyası üzrə qalib məktəb seçiləcək.

Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyətlərin yer alması, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyən olunacaq.