17.03.2017

Məktəblilərin Eko-Parka ekskursiyası

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin Eko-Parka ekskursiyası təşkil edilib.

Ekskursiya Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ekskursiyada SOCAR-ın və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən şagirdlərə həyata keçirilən ekoloji layihələr, Ekologiya İdarəsinin fəaliyyət istiqamətləri və istehsalat sahələri haqqında ətraflı məlumat verilib.

Ekskursiya zamanı məktəblilər Eko-Parkın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla tanış olublar. Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları məktəblilərdə böyük marağa səbəb olub.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.

Qeyd edək ki, ekskursiya “Eko-təqdimatlar” layihəsi çərçivəsində təşkil edilib. Layihənin əsas məqsədi şagirdlərdə ekoloji biliklərin və mədəniyyətin formalaşdırılması, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyadılması, təbii sərvətlərdən səmərəli istifadə bacarıqlarının aşılanması, şagirdlərin istedad və yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasından ibarətdir.