01.04.2017

II Məntiq Olimpiadasının ilk turu keçirilib

Aprelin 1-də Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib.

Olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak ediblər. Bilik yarışının ilk turu bütün məktəblərdə saat 10:00-da başlayıb və 11:30-da bitib. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olunub. İlk turda uğur qazanan məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Olimpiadanın final mərhələsi mayın 6-da təşkil olunacaq. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.        

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.


Açar sözlər: ,  ,