24.04.2017

Məktəb psixoloqları ilə görüşlər

Aprel ayından başlayaraq Təlimə Dəstək Mərkəzində paytaxtın ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilir.

Görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Bakı şəhərinin Nizami, Səbail, Nəsimi, Nərimanov və Suraxanı rayonları üzrə keçirilən görüşlər zamanı Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodistləri Elşad Səfixanov və Səidə Əhmədova "Məktəbdə psixoloji xidmətin təşkili" mövzusunda təqdimatla çıxış ediblər.

Görüşlərdə məktəb psixoloqlarının fəaliyyəti zamanı qarşılaşdıqları problemlər haqqında danışılıb və qarşılıqlı müzakirələr aparılıb. Psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.

Həmçinin, görüşlərin sonunda psixoloqlar onlara təqdim olunan anket sorğuları cavablandırırlar.

Qeyd edək ki, Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşlərin paytaxtın digər rayonları üzrə də təşkili nəzərdə tutulub.