27.04.2017

Müsabiqə qalibləri mükafatlandırılıb

“Məktəblinin dostu” tərəfindən təşkil edilən "Aprel döyüşləri şagirdlərin gözündə" inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı şəhəri üzrə 189-190 nömrəli tam orta məktəbdə təşkil edilən mərasimdə məktəbin pedaqoji kollektivi, şagirdlər və qonaqlar iştirak edib.

İnşa müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsi, aprel döyüşlərindəki şanlı qələbələrimizi və bu döyüşlər zamanı şəhid olmuş əsgərlərimizin əziz xatirəsini yad etməkdən ibarətdir.

V-XI siniflər arasında keçirilən müsabiqəyə 120-dən çox şagird qatılıb.

Müsabiqədə VII sinif şagirdləri Nurcan Dadaşova I, Merve Bağırova III, VIII sinif şagirdi Əzizəxanım Kazımova II yerin sahibi olub.

İlk üç ən yaxşı inşa müəllifi həvəsləndirici fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Mükafatlandırılma mərasimində bildirilib ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib.

Qeyd olunub ki, dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin azad olunmasında Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirib.


Açar sözlər: ,  ,  ,  ,