28.04.2017

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüşlər

Aprel ayından başlayaraq Təlimə Dəstək Mərkəzində paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə görüşlər keçirilir.

Görüşlərin keçirilməsində əsas məqsəd məktəblərin GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, yeniyetmə və gənclərlə həyata keçirdikləri vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Bakı şəhərinin Nizami, Binəqədi, Xətai, Xəzər və Nərimanov rayonları üzrə keçirilən görüşlər zamanı Təlimə Dəstək Mərkəzinin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə mentorları Mürsəl Qurbanov və Qılman Eyvazov "Məktəbdə çağırışaqədərki hazırlığın təşkili" mövzusunda təqdimatla çıxış ediblər.

Görüşlərdə GÇH rəhbərlərinin fəaliyyəti zamanı qarşıya çıxan məsələlər haqqında danışılıb və müzakirələr aparılıb. Rəhbərlərə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlarda hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə məktəb rəhbərliyi, müəllim və valideynlərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.

Həmçinin, görüşlərin sonunda GÇH rəhbərləri onlara təqdim olunan anket sorğuları cavablandırırlar.

Qeyd edək ki, Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşlərin paytaxtın digər rayonları üzrə də təşkili nəzərdə tutulur.


Açar sözlər: ,  ,