02.05.2017

Paytaxt məktəbliləri “Cəsurluq məktəbi” açıq qapı günündə 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri “Cəsurluq məktəbi” açıq qapı günündə iştirak ediblər.

Açıq qapı gününün təşkilində məqsəd paytaxtın ümumi təhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının fəaliyyəti ilə yaxından tanış etmək və fövqəladə hallarda davranış qaydaları ilə bağlı şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

“Cəsurluq məktəbi” açıq qapı gününün iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış seçim qaydası ilə müəyyən edilib. Belə ki, tədbirdə gələcəkdə fövqəladə hallar orqanlarında çalışmaq arzusunda olan yuxarı sinif şagirdləri iştirak edib.

Peşəyönümü xarakteri daşıyan tədbirdə FHN-nin Bakı Regional Mərkəzi, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə, Tibb və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda    Xilasetmə Dövlət Xidmətlərinin əməkdaşları iştirak edib.

Tədbir praktik və nəzəri hissədən ibarət olub.

Praktik hissə zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə spesifik alət və avadanlıqlar vasitəsilə xilasetmə, üzmə, yanğınsöndürmə, ilkin tibbi yardım üsulları barədə məlumat verilib.

Nəzəri hissədə isə mərkəzin əməkdaşları Bakı Regional Mərkəzinin fəaliyyət istiqamətləri mövzusunda çıxışlar ediblər.

Sonda maarifləndirmə tədbirləri barədə videoçarx nümayiş olunub.