05.05.2017

Məntiq Olimpiadasının final mərhələsi

Mayın 6-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının final mərhələsi keçiriləcək.

Finalda olimpiadanın məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinifləri üzrə uğur qazanan 2041 şagird iştirak edəcək.

Olimpiadanın final mərhələsi saat 11:00-da başlayacaq və 12:30-da başa çatacaq.

İlk turda olduğu kimi, final mərhələsində də şagirdlərə 30 test sualı təqdim olunacaq.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.        

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. 


Açar sözlər: ,  ,