08.05.2017

Voleybol idman növü üzrə festival 

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri IV İslam Həmrəyliyi Oyunları ərəfəsində voleybol idman növü üzrə keçirilən festivalda iştirak ediblər.

Festival Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə 15 nömrəli Uşaq - Gənclər İdman Məktəbində keçirilib. 

Voleybol festivalında 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı qızlar rəqabət aparıb.   

Festivalda 7 komanda – “Xətai I”, “Xətai II”, “Azərreyl”, “Suraxanı I”, “Suraxanı II”, “Lokomativ”, “2 nömrəli  RİOEUGİM” birincilik uğrunda mübarizə aparıb. Sonda “Azərreyl” komandası  I,  “Xətai  I”  komandası II,  “Suraxanı I”  komandası  III yerə layiq görülüb.

Çimərlik voleybolu  üzrə 4 komanda rəqabət aparıb. Nəticədə, “Xətai  I” komandası, “Lokomativ” komandası II, “Xətai II” komandası III yeri qazanıb.

Mini-voleybol üzrə 269 və 264 nömrəli tam orta məktəblərin komandaları mübarizə aparıb və 269 nömrəli tam orta məktəb qalib olub.

Yekun nəticələrə əsasən, I, II və III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplom, kubok və hədiyyələrlə  mükafatlandırılıblar.

Sonda qalib komanda iştirakçıları arasından “Ən yaxşı hücumçu”,  “Ən yaxşı müdafiəçi”,  “Ən yaxşı libero”  və  “Ən yaxşı top ötürən” nominasiyaları üzrə fərqlənən idmançılara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, festival çərçivəsində məktəblilər arasında  “İdman uşaqların gözü ilə” rəsm-sərgi müsabiqəsi də təşkil edilib. Müsabiqəyə BŞTİ-nin  tabeliyində fəaliyyət göstərən ümumi təhsil  və məktəbdənkənar  təhsil  müəssisələrindən 150-ə yaxın  rəsm işi daxil olub.

“İdman uşaqların gözü ilə” müsabiqəsində 6-11 yaş qrupu üzrə 220 nömrəli məktəb-liseyin şagirdi I, 275 və 271 nömrəli məktəblərin şagirdləri II, 298, 205  nömrəli məktəbin şagirdləri və 25  nömrəli  Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü III yeri qazanıblar. 12-17  yaş  qrupu üzrə 257 və 214 nömrəli məktəbin şagirdləri I,  108  və 54  nömrəli məktəblərin şagirdləri II, 220, 74 nömrəli məktəblərin şagirdləri, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvü isə III yerin sahibi olub.

Bakı şəhəri  24, 10, 44, 78,  119, 148,  179,  206, 257,  260, 293, 322 nömrəli tam orta məktəblərin və 21, 22, 23, 29 nömrəli  məktəbdənkənar təhsil müəssisələrinin yetirmələrinə isə sertifikatlar təqdim edilib.