08.05.2017

Məktəbdə “rənglərin festivalı”

Bakı şəhəri 87 nömrəli tam orta məktəbdə ulu öndər  Heydər Əliyevin  anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərin festivalı” adlı tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “AyArt Studiyası”nın birgə təşkil etdiyi tədbirdə BŞTİ-nin, Azərbaycan Rəssamlar İttifaqının, Gənclər və  İdman Nazirliyinin,  Suraxanı Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, 3 nömrəli Uşaq İncəsənət Məktəbinin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Şahin İsgəndərov, məktəbin direktoru Elmira Ələkbərova, Azərbaycan Keramika  Mərkəzinin  rəhbəri  Mirteymur Məmmədov, “AyArt Studiyası”nın rəhbəri Aytən Həsənova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin müəllimləri ulu öndərin parlaq ideyalarının şagirdlər arasında təbliğinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən söz açıblar.

Daha sonra  gimnastların çıxışları, rəqs nömrələri təqdim olunub, ulu öndərə həsr olunmuş mahnı, ədəbi-bədii kompozisiya ifa edilib. Şagirdlər tərəfindən “Biz qalib olmalıyıq” adlı  flashmob nümayiş olunub.

Festival iştirakçıları nümayiş etdirilən dekorativ-tətbiqi sənət növləri, qədim xalq sənəti olan  dulusçuluq, keramika, xalçaçılıq, qobelen, taxta üzərində oyma və “AyArt” studiyasının üzvlərinin 100-dən çox rəsm əsəri ilə tanış olublar.

Festival S.Bəhlulzadə adına Mədəniyyət Sarayının xanəndə və müğənnilərinin  çıxışları  ilə yekunlaşıb.