11.05.2017

Qələbə Gününə həsr olunan tədbirlər 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində Qələbə Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, müharibə veteranları ilə görüşlər təşkil edilib.

Tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Böyük Vətən Müharibəsi illərində (1941-1945) alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyi şagirdlərin diqqətinə çatdırılıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edilib.

Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən İkinci Dünya Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülür.

Şagirdlər Böyük Vətən Müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşan həmyerlilərimizə həsr olunan şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirlərdə 1941-1945-ci illərdə azərbaycanlıların qəhrəmanlığından bəhs edən sənədli və bədii filmlər təqdim olunub.