15.05.2017

Məktəblilər “Sağlam həyat tərzi” mövzusunu araşdırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub.

Verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. 

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Sağlam həyat tərzi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.

Qeyd edək ki, may ayının sonunda mövzuya uyğun olaraq “Ayın ən sağlam məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.

Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyət zənginliyi, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyən olunacaq.