02.06.2017

Zona birinciliyinin qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında “Gənc xilasedici və yanğınsöndürən” VI respublika yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilib.

Yarışda Bakı şəhərindəki 39, 51, 56, 141, 149, 164, 220, 225, 243, 276, 281, 288 və  309 nömrəli tam orta məktəblərin komandaları qalibiyyət uğrunda mübarizə aparıb.

Birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhər, Abşeron və Xızı rayonlarının da məktəbliləri qüvvələrini sınayıblar. Birincilikdə 17 məktəb komandasını ümumilikdə, 119 məktəbli təmsil edib.

Yarışlar “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə üç mərhələdə keçirilib. Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilmiş yarışlarda qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilib.

Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası I, Xətai rayonu 56 nömrəli orta məktəbin komandası II, Nizami rayonu 220 nömrəli məktəb-liseyin komandası isə III yerə layiq görülüb. Bu komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.

Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıblar.

Yarışların respublika birinciliyi 25 iyun-2 iyul tarixlərində Qəbələdə keçiriləcək.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” VI respublika yarışları Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə əmrinə əsasən,  Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.