02.06.2017

“Olimpiya Hərəkatı - 2017”nin finalçıları

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin final mərhələsi 4-6 iyun 2017-ci il tarixlərində keçiriləcək.

Bakı şəhəri üzrə 12 rayondan 60 məktəbin komandaları finalda qalibiyyət uğrunda mübarizə aparacaqlar. Bakı məktəbliləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbliləri də yarışlara qatılacaqlar.

Məktəblilər 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə yarışacaqlar.

Oyunlar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.

Sonda qaliblər təşkilat komitəsinin təsis etdiyi kubok və diplomlarla təltif ediləcək.

Qeyd edək ki, “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. “Olimpiya Hərəkatı–2017” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.


Açar sözlər: ,