07.06.2017

Mülki Müdafiənin təşkilinə həsr olunmuş görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində mülki müdafiənin təşkilinə və mülki müdafiə məşqlərinə həsr olunmuş görüş keçirilib.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə İdarəsinin rəisi Vüsal Tahirov, BŞTİ-nin struktur bölmə rəhbərləri və FHN-in əməkdaşları iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd BŞTİ-də mülki müdafiənin təşkili, fövqəladə hadisələr zamanı fəaliyyət göstərməyə hazırlıq səviyyəsinin yoxlanılması, mülki müdafiə üzrə bilik səviyyəsinin qiymətləndirilməsi və təkmilləşdirilməsindən ibarətdir.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi ilə bağlı tələblərin yerinə yetirilməsi məqsədilə görülən işlərin zəruriliyini nəzərə çatdırıb. İdarə müdiri fövqəladə hadisələrin qarşınının alınması və nəticələrinin aradan qaldırılmasında ilkin qəza–xilasetmə işlərinin aparılması üçün mülki müdafiə qüvvələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. M.Vəliyeva onu da qeyd edib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində də fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları, bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə davamlı tədbirlər keçirilir.

Görüşdə FHN-nin Mülki Müdafiə İdarəsinin rəisi Vüsal Tahirov “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qərargahının və komandir-rəis heyətinin fəaliyyətinin təşkili” mövzusunda fikirlərini bildirib.

BŞTİ-nin Mülki Müdafiə qərargahının rəisi Şahin İsgəndərov idarədə mülki müdafiə sahəsində atılan addımlardan, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına hazırlıq istiqamətində görülən işlərdən danışıb.

Sonra mülki müdafiənin təşkili sahəsində görülən tədbirlər, mülki müdafiə məşqlərinin əhəmiyyəti haqqında fikirlər bildirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.