08.06.2017

Məktəblilər arasında məntiq yarışması 

Paytaxt məktəbliləri arasında “Universitet-məktəb əməkdaşlığı” layihəsi çərçivəsində məntiq yarışması keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 232 nömrəli məktəbin təşəbbüsü ilə yarışma Xəzər Universitetində təşkil olunub.

Yarışmada 232, 140, 85, 226, 284, 149 və 193 nömrəli məktəblərin 6-cı və 7-ci sinif şagirdləri mübarizə aparıblar.

Məntiq sınağında hər birində 6 nəfər olmaqla, 7 komanda iştirak edib. Yarışma 3 turdan ibarət olub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Xəzər Universitetinin əməkdaşlarından ibarət münsiflər heyəti cavabları qiymətləndirib. 

Nəticələrə əsasən, 149 nömrəli tam orta məktəbin komandası I, 232 nömrəli tam orta məktəbin komandası II və 85 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

Tədbirin sonunda “Məntiq yarışması”nın bütün iştirakçılarına sertifikatlar, ilk üç yeri qazanan komandalara diplom və medallar təqdim olunub. I yerə çıxan komanda kubokla da təltif edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xəzər Universiteti tərəfindən yarışmada iştirak edən şagirdlərə hədiyyələr təqdim olunub. 


Açar sözlər: ,  ,