Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında badminton idman növü üzrə turnir keçirilib.
Turnir Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 12 nömrəli tam orta məktəbin idman zalında reallaşdırılıb.
Olimpiya sistemi üzrə keçirilən yarışlarda şagirdlər həm komanda, həm də şəxsi hesabda mübarizəyə qoşulublar.
Komanda hesabında keçirilən yarışın nəticəsinə görə, 260 nömrəli tam orta məktəbin komandası I, 104 nömrəli tam orta məktəbin komandası II, 251 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.
Şəxsi hesabda oğlanlar arasında I yeri Səbuhi Hüseynov (260 nömrəli tam orta məktəb), II yeri Vaqif İsmayılov (260 nömrəli tam orta məktəb), III yeri Zaur İsazadə (104 nömrəli tam orta məktəb), qızlar arasında I yeri Elnurə Cəfərova (104 nömrəli tam orta məktəb), II yeri Sevil Salamova (260 nömrəli tam orta məktəb), III yeri Təzəgül Əhmədli (148 nömrəli tam orta məktəb) tutub.
Yarışın bağlanış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları qalib komandaları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Yarışda I, II və III yerləri tutan komandaların üzvləri və şəxsi hesabda fərqlənmiş idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.