02.06.2017

Məktəblilər arasında velosiped yarışı keçirilib

"Uşaqlar bizim gələcəyimizdir" devizi altında velosiped yarışı keçirilib.

Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə 54 nömrəli tam orta məktəbdə təşkil edilib.

Yarışın keçirilməsində məqsəd məktəbliləri idmanın bu növünə həvəsləndirmək, velosiped idmanı üzrə kütləviliyin artırılmasına nail olmaqdan ibarətdir.

Yarışda məktəbin V-VIII sinif şagirdləri iştirak ediblər.

Estafet sistemi ilə keçirilən yarışın yekunlarına əsasən, müvafiq siniflər üzrə Banu Əhmədzadə, Mustafa Xəlilov, Hüseyn Məsimli, Hüseyn Məmmədov öz həmyaşıdları arasında I, Şahin Quliyev, Ceyhun İsayev, Leyli Əliyeva, Səid Hüseynov II, Fatimə Babayeva, Aqşin Qurbanov, Rəvan Qasımlı və Qiyas Manafov III yerə layiq görülüblər.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri çıxış edərək yarışın qaliblərini təbrik edib,  paytaxdakı digər ümumi təhsil məktəblərində də bu istiqamətdə işlərin aparılacağını bildiriblər.

Yarışda fərqlənən şagirdlər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.