09.06.2017

20 nömrəli məktəb-lisey yeni tədris ilindən şagirdləri qəbul edəcək

Məhəbbət Vəliyeva: “Təhsil müəssisələrinin mükəmməl maddi-texniki bazasının olması əsas şərtlərdən biridir”

 

Ölkədə aparılan məktəb tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmir və müasir avadanlıqlarla təchizat işlərinin yüksək səviyyədə həyata keçirilməsi, təbii ki, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu gün istər paytaxtda, istərsə də respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən məktəblər yeniləşir, təhsil sahəsində yüksək keyfiyyət göstəricilərinə nail olmağa çalışır. Elə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya ünvanladığımız suallar da paytaxt məktəblərində aparılan əsaslı təmir, tikinti işləri, təhsil müəssisələrinin maddi-texniki bazasının yeniləşdirilməsi, təkmilləşdirilməsi, yenidən qurulması ilə bağlı oldu.

- Məhəbbət xanım, daha bir tədris ilini başa vurmaq üzrəyik. Bilirik ki, bir sıra təhsil müəssisələrində artıq növbəti tədris ilinə hazırlıqla əlaqədar ciddi işlər gedir. Bu barədə məlumat verməyinizi xahiş edirik.

- Tədris ilinin başa çatmasına sayılı günlər qalır. Biz isə artıq növbəti tədris ili üçün hazırlıq işlərimizi planlaşdırırıq. Bilirsiniz, məktəbin yenidən qurulması böyük şagird kontingentinin təhsil şəraitini tamamilə müasirləşdirməyə, tədrisin səviyyəsini yüksəltməyə imkan yaradır. Bu gün paytaxtın bir sıra rayonlarında yerləşən təhsil müəssisələrində əsaslı təmir işləri gedir. Məsələn, Nizami rayonunda hazırda 3 orta ümumtəhsil müəssisəsi -10, 62 və 201, Xətai rayonunda 171, Nərimanov rayonunda 212, Binəqədi rayonunda 306, Sabunçu rayonunda 74, Səbail rayonunda 239 nömrəli tam orta məktəblərdə ,Yasamal rayonunda 20 nömrəli məktəb-lisey və Nəsimi rayonunda 268 nömrəli xüsusi məktəbdə əsaslı təmir işləri aparılır. Düzdür, bu məktəblərin bir qismində təmir müvəqqəti dayandırılsa da, biz ümid edirik ki, tədris ilinin əvvəlində həmin təhsil müəssisələrində aparılan işlər başa çatacaq. Ötən illərdə olduğu kimi, məktəblərimiz ən müasir tələblərə cavab verən, yüksək təhsil xidməti göstərə biləcək səviyyədə şagirdlərin və müəllimlərin xidmətinə veriləcək.

- Elə söz paytaxtın Yasamal rayonunda inşa edilən 20 nömrəli məktəb-liseydən düşmüşkən, valideyn və şagirdləri maraqlandıran bir sualı sizə vermək istərdik. Müəyyən bir vaxtdır ki, təhsillərini başqa məktəblərdə davam etdirən şagirdlər, onlara dərs deyən müəllimlər öz doğma təhsil müəssisələrinə növbəti tədris ilində qayıda biləcəklərmi?

- Bilirsiniz ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, 20 nömrəli məktəb-lisey üçün əvvəlkindən daha böyük və geniş bina inşa edilib.Yeni bina daha müasir, arxitektura baxımından daha gözəldir. Bakının ən yaraşıqlı binalarından biri olacaq ümumtəhsil müəssisəsində artıq tamamlama işləri başa çatmaq üzrədir. 
Şübhəsiz ki, təhsilin keyfiyyətli idarə edilməsinə nail olmaq üçün əsas şərtlərdən biri də məhz təhsil müəssisələrinin mükəmməl maddi-texniki bazasının olmasıdır. Yaxın günlərdə bu təhsil müəssisəsi ən müasir avadanlıqlarla təmin ediləcək. Avqustun sonu, sentyabrın əvvəllərində məktəb əvvəlki şagirdlərini və müəllimlərini tam şəkildə qəbul etməyə hazır olacaq. Yeni tədris ilindən ümumtəhsil müəssisəsi tam qüvvəsi ilə yeni binasında fəaliyyət göstərəcək.

Onu da qeyd edim ki, Yasamal rayonunda məktəblərin sayının kifayət qədər olmasına baxmayaraq, 20 nömrəli məktəb-lisey əvvəldən də çoxsaylı şagird kontingenti ilə seçilib. Bilirik ki, bu gün orada təhsil alan şagirdlər və onların müəllimləri yeni görkəmdə, daha müasir bir təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək öz doğma təhsil ocaqlarına qayıdışlarını səbirsizliklə gözləyirlər. Hamı üçün maraqlıdır ki, yeni məktəb əvvəlki sələfindən nə ilə seçilir? Yenidən inşa edilən təhsil müəssisəsinin hansı imkanları var? İstərdim ki, bu sualları müəllim və şagirdlərimiz yeni tədris ilində doğma təhsil müəssisələrinə gələrkən burada yaradılan şəraiti gördükdən sonra özləri cavablandırsınlar. 

Bir məsələni də qeyd etmək istərdim. Təbii ki, şagirdlər üçün yaradılan bütün təlim şəraiti təhsilin keyfiyyətinə də birbaşa təsir edir. 20 nömrəli məktəb-liseyin təmir müddətində paytaxtın Yasamal və Nərimanov rayonlarının ərazisindəki 2 məktəbdə yerləşməsinə baxmayaraq, burada oxuyan şagirdlər bir gün də olsun təhsildən kənarda qalmadılar. Müəllimlər qüvvələrini səfərbər edib peşəkar səviyyədə öz işlərini davam etdirdilər və məktəbin şagirdlərinin təlim nəticələri yaxşı səviyyədə olub. 

- Təhsil müəssisəsinə köçürülmə prosesinə nə vaxt start veriləcək? Ümumiyyətlə, bura şagird qəbulu prosesi necə həyata keçirilib? 

- Sentyabr ayından biz artıq məktəbin köçürülməsi işlərinə başlayacağıq. Elə bu günlərdə 20 nömrəli məktəb-liseyin müəllim və valideynləri ilə görüş keçirilib. Görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb, müəllim və şagird kontingentinin sentyabrda köçürülməsi məsələləri ilə bağlı müvafiq tövsiyələr verilib. Məlumat üçün deyim ki, indi, təxminən, 3000-ə yaxın şagird 20 nömrəli məktəb-liseydə təhsil alır. Biz I sinfə şagirdlərin qəbulunu elektron sistem vasitəsilə həyata keçirmişik. 20 nömrəli-məktəb liseyə Azərbaycan bölməsində 8 sinif olmaqla 225 şagird, rus bölməsinə isə 8 sinfə 238 şagird qəbul olunub. Rus bölməsində artıq şagird qəbulu dayandırılıb. Ancaq Azərbaycan bölməsinə bu ayın sonuna qədər davam edəcək. Bunu da xüsusilə valideynlərin nəzərinə çatdırıram ki, təhsil müəssisəsinə qəbul olunmaq üçün məhdud sayda yerlər qalıb. Valideynlər onlara yaradılan imkandan səmərəli istifadə edərək uşaqlarının birinci sinfə qəbulu ilə bağlı sistemdə müvafiq işləri görməyə tələssinlər. 
Mən düşünürəm ki, şagirdlərin yeni məktəbə köçməsi təlim nəticələrinin daha da yaxşılaşmasına səbəb olacaq, onları daha da ruhlandıracaq ki, tədris ilini yaxşı nəticələrlə, nailiyyətlərlə başa vursunlar. 

Bizim hər birimiz Azərbaycanın və Bakının ən böyük məktəblərindən, eləcə də paytaxtın ən gözəl binalarından biri sayılacaq 20 nömrəli məktəb-liseyin çoxfunksional və yeni üslubda tikilən binasının qapılarını doğma şagirdlərinin və müəllimlərinin üzünə açacağı günü gözləyirik... 

 

Samirə KƏRİMOVA