01.08.2017

Övladınızı məktəbə məktəbdə hazırlaşdırın! 

Bakıda məktəbəhazırlıq qruplarına uşaqların qəbulu  avqustun 1-dən sentyabrın 18-dək mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilir. Paytaxtda məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-dək davam edəcək.

Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.

Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli,  daha intellektual və peşəkar ibtidai sinifmüəllimləri seçilir, onlar üçün təlim kursları təşkil olunur. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün  təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq, müəllimlər öyrədici təlimlərə cəlb edilir. Təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil olunan təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır.

Respublikamızın digər şəhər və rayonlarında məktəbəhazırlıq qruplarına sənəd qəbulu isə avqustun 15-dən etibarən məktəblərdə aparılacaq.

Qeyd edək ki, Azərbaycanda 2015-2016-cı tədris ilində bütün 5 yaşlı uşaqların 24 faizi, 2016-2017-ci dərs ilində 55 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub. 2017-2018-ci tədris ilində həmin göstəricinin 65, 2018-2019-cu dərs ilində 75, 2019-2020-ci tədris ilində 90 faizə çatdırılması nəzərdə tutulur.