06.10.2017

"Səndən öyrəndim" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Məktəblinin dostu" layihəsi çərçivəsində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təşkil olunan "Səndən öyrəndim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması  mərasimi keçirilib.

189-190 nömrəli tam orta məktəbdə təşkil edilən tədbirdə millət vəkili Çingiz Qənizadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdirləri Bəşarət Məmmədov və Afiq Əzizov, "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərov, təhsil ekspertləri Kamran Əsədov və Şahrza Ağayev, məktəb direktorları, müəllimlər, şagirdlər iştirak ediblər. 

Tədbirdə bildirilib ki, layihəyə daxil olan 31 ümumi təhsil məktəbinin şagirdləri müəllim haqqında düşüncələrini əks etdirən videoçarx hazırlayaraq təhsil aldıqları məktəbdəki məktəblinin dostlarına təqdim ediblər. Hər bir məktəb üzrə seçilən videoçarx müsabiqəyə daxil olub və “Məktəblinin dostu”nun rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

İlk mərhələdə ən çox baxılan 10 videoçarx seçilərək müsiflər heyətinə təqdim olunub. İkinci mərhələdə münsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında ilk 3 yerin qalibi müəyyənləşdirilib. Münsiflər heyətinin qərarına əsasən, 139 nömrəli tam orta məktəb I, 57 nömrəli tam orta məktəb II, 158 nömrəli tam orta məktəb III yerə layiq görülüb. Qaliblər məzmuna, səsləndirməyə, videoçarxın keyfiyyətinə və yaradıcılığın səviyyəsinə görə dəyərləndiriliblər.

Daha sonra I yerin sahibi olan məktəbə kubok, sertifikat və hədiyyə, II və III yeri tutan məktəblərə isə sertifikat və hədiyyə təqdim olunub.            

Qeyd edək ki, "Məktəblinin dostu" layihəsinə daxil olan məktəblər arasında keçirilən "Səndən öyrəndim" müsabiqəsinin əsas məqsədi məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək və məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.


 


Açar sözlər: ,