18.10.2017

Növbəti “Məktəb seminarları” 46 məktəb üzrə keçirilib

2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın sayca 9-cu sessiyaları Sabunçu rayonunun 46 ümumi təhsil məktəbini əhatə edib.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri  iştirak ediblər.

Məktəb direktorları üçün təşkil olunan sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, fənn olimpiadalarının və müsabiqələrin təşkili, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri və digər müvafiq məsələlərə toxunub.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev tədrisin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi, məktəb imicinin formalaşdırılması, təhsil müəssisələrinin uğurlarının təbliği, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar tədbirlərin təşkili, məktəblərin payız-qış mövsümünə hazırlığı və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda  məktəbdaxili metodiki işə nəzarət, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi və digər müvafiq məsələlər müzakirə olunub. 

Sessiyalarda qeyd edilən məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Bildirək ki, “Məktəb seminarları” layihəsinin 3-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.   


Açar sözlər: