27.10.2017

Mən direktor olacağam

Paytaxtdan uzaqda elektron məktəb qurmaq, karyerada irəliləmək ... üçün

 

Məktəb binasının ikinci mərtəbəsində qarşı-qarşıya iki otaq... Bu gün biri gözləmə zalı funksiyasını yerinə yetirir. Burada namizədlər qeydiyyatdan keçir, sonra keçib boş yerlərdən birində əyləşir. Əksəriyyəti kişilərdir. Onların arasında da gənc olanları üstünlük təşkil edir. Həyəcanla gözləyirlər. Bir azdan adbaad çağırılacaqlar. Çağırılan qarşı otağa keçəcək. Hər biri ixtisaslaşdığı, əmək sərf etdiyi sahədə bir pillə yüksəlmək istəyənlərdir. Aylardan bəri həyəcanlı mərhələləri adlayıb son pilləyə qədər gəlməyə nail olduqları hədəfdən indi onları cəmi bir neçə addım - iki otaq arasındakı məsafə ayırır. Qarşıdakı həmin otaqda 4 nəfərdən ibarət komissiya qarşısında dik dayana bilsələr, karyera pilləsində bir addım irəliləyəcək, həyəcana qapılıb müvazinətini itirsələr...

 

Qarşı otaq...

 

Burda həyəcana təslim olmamaq mümkün deyil. Təhsil Nazirliyinin Aparat rəhbəri Elnur Əliyev, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov və yerli təhsili idarəetmə orqanı rəhbərindən ibarət komissiya qarşısında məktəb direktoru vəzifəsinin incəliklərindən danışmaq heç də asan deyil. Üstəlik, bu sahədə hər hansı təcrübən də yoxkən.

 

Bəlkə də ictimaiyyəti təmsil edən təhsil ekspertləri Şahlar Əsgərov, Etibar Əliyev və Məlahət Mürşüdlü ilə müqayisədə komissiya heyəti direktorluğa namizədlər üçün “mələk” kimi də görünə bilər.

 

Bir nəfər müsahibəyə buraxılmadı

 

Beləliklə, Bakı şəhəri Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə direktor olmaq istəyən namizədlər müsahibə mərhələsindən keçir. Qazax, Qəbələ və Kürdəmir rayonlarından olan ümumilikdə 21 nəfər namizədin qatıldığı prosesdə “Azərbaycan müəllimi” qəzeti də iştirak edir.

 

Bu son mərhələdə baş verənlərə keçməzdən öncə nəzərinizə çatdıraq ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul bu ilin martında 126 nömrəli əmrlə təsdiq edilən qaydalara əsasən həyata keçirilir.
Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il), hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olanlar iştirak edir. Yol verdikləri nöqsanlara görə direktor (direktor müavini) vəzifəsindən azad olunanlar, məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunanlar isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilmir.

 

Müsahibəyə gələn namizədlərin sənədlərində də məhz bu məqamlar araşdırılır. Bu gün sənədlərində problem çıxan bir nəfər olub. Qeydiyyatdan keçərkən pedaqoji təhsili olmadığı üzə çıxan namizəd müsahibəyə buraxılmayıb. 

 

Testdən keçdin, esse yazdın...

 

Yuxarıda qeyd etdiyimiz kimi, həyəcanlı mərhələlərin ikisi artıq arxada qalıb. Belə ki, müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilib. Həmin mərhələdə namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilib. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılıb və elektron ərizələr təsdiqlənib. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilib və müəyyənləşdirilən forma üzrə rəylər nazirliyin müsabiqə komissiyasına təqdim edilib. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul olunub.
Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilib. Nəticə elə imtahanın sonundaca namizədlərə bildirilib. İmtahanda test sualları ilə yanaşı, iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunub. Qeyd edək ki, esse mövzuları nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilib. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilib.

 

Müsabiqədə son mərhələ

 

Artıq müsabiqənin üçüncü - müsahibə mərhələsidir. Müsahibəyə çağırılan 500 namizəd tələb olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsabiqə komissiyasına təqdim edirlər. Son mərhələdə namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.

 

Direktor olandan sonra

 

Hər bir namizədə 10-15 dəqiqə vaxt ayrılır. Bu müddətdə bir məktəb direktorunun bilməli olduğu ən vacib məsələlərə toxunulur. Komissiya üzvləri namizədlərin direktor olduqdan sonra atacağı addımlar, verəcəyi qərarlar, qeyri-adi vəziyyətlərdə seçəcəyi çıxış yolları ilə maraqlanır. 

 

İlk namizəd Rauf Kazımovdur. Namizəd çağırılmazdan öncə Qazax Rayon Təhsil Şöbəsinin müdirinin rəyi öyrənilir. Barəsindəki rəy müsbətdir. Daha sonra Zaur Əliyev, Rasimə Carçıyeva, Samir Hüseynov müsahibədə iştirak edir. Namizədlər bir-birini əvəz etdikcə otaqda ab-hava da dəyişir. Gah müsbət emosiyalar hakim kəsilir, gah heyrət və təəccüb. Direktorluğa namizədlərin dünyagörüşünü əks etdirən acı mənzərə getdikcə daha aydın ortaya çıxır. Biri “loyal” nədir, bilmir. İkincisi, mütaliə etmir, üçüncüsü...

 

Təəccüb və narahatlıq yaradan nümunələrə baxaq. İxtisasca tarix müəllimi olan namizədlər tarixi şəxsiyyətlərin ədəbiyyata inteqrasiyası barədə suala belə cavab verə bilmirlər. Onların nə Əzizə Cəfərzadənin bədii obrazını yaratdığı tarixi şəxsiyyətlərdən, nə Fərman Kərimzadənin bədii təsvirini verdiyi tarixi hadisələrdən xəbəri var.

 

Təhsil eksperti Məlahət Mürşüdlünün müəllimlər otağında baş alıb gedən dedi-qodunun qarşısını necə alacağı barədə sualına direktorluğa namizədin verdiyi cavabdan bəlli olur ki, onun rəhbərlik edəcəyi məktəbdə “yoğrulan xəmir çox su aparacaq”. Çünki direktor hər dedi-qodunun səbəbini araşdırmaq niyyətindədir.

 

“Məktəbdə yanğın var. İlk addımın nə olar?” - sualının cavabında məktəb direktoru olmağa hazırlaşan namizədin cavabı təəccüb və etiraz doğurur. Maraqlıdır ki, direktorluğa namizəd yanğın barədə FHN-in yanğınsöndürənlərindən əvvəl yerli təhsili idarəetmə orqanları və rayon icra hakimiyyətini məlumatlandırmağı düşünür. Ekspert Məlahət Mürşüdlü etiraz edir: “Məktəb yandı qurtardı ki!!!”.

 

Müsahibədən sonra

 

Yanan məktəbdir, yoxsa namizədlərin müsabiqə boyu topladığı ballar, onu Təhsil Nazirliyi müəyyənləşdirəcək. Belə ki, test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda qurum tərəfindən müəyyənləşdirilir. Bu qərar namizədlərin xeyrinə olarsa, müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla, elektron proqram təminatı vasitəsilə onların seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən, vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra birillik fəaliyyət barədə hesabat nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir.

 

Təhsil eksperti Şahlar Əsgərov namizədlərlə bağlı qərar qəbul edənlərdən olmasa da, ümumi vəziyyəti qaneedici sayır: “Prosesə çox böyük əhəmiyyət verirəm. Daxilən inanıram ki, ölkəmizdə olan 4000-dən çox məktəbin başına layiqli şəxsləri tapıb qoya bilsək, pedaqoji problemlərin əksəriyyəti öz həllini tapar. Çox maraqlıdır ki, seçimin özü çətindir. Çünki 4000 nəfəri 150 min insanın içərisindən seçməliyik. Seçim doğru həyata keçirilsə, problemlərimiz həll ediləcək deməkdir. Çünki direktor qərar qəbul edən şəxsdir. Şagirdlərlə, müəllimlərlə bağlı qərar qəbul edən həmin şəxslər düzgün seçilərsə, yanlış qərarların sayı daha az olar. Çünki düz və səhv qərarların kökündə direktorun hansı düşüncənin sahibi olduğu dayanır. Şəxsi, yoxsa ictimai mənafe daşıyıcısı olmasından asılı olaraq, qərar qəbul edəcək. Təbii ki, həmin qərar da məktəbə birbaşa təsir gösrərəcək. Məktəb yüksələcək, yaxud tənəzzül edəcək. Yüksələcəksə, əhali savadlı olacaq və yaxşı dolanacaq. O ölkələrdə əhali pis dolanır ki, orada qaranlıq daha çoxdur. Bu baxımdan çox vacib prosesdir. Hətta mənim arzularımdan biri idi ki, direktorların seçimi düzgün aparılsın və bu istəyim reallaşır. Çünki hesab edirəm ki, müəllim kollektivi güclü olan deyil, direktoru bacarıqlı olan məktəb daha çox inkişaf edir. Direktor bacarıqlıdırsa, müəllimlərin təkmilləşdirilməsinin yolunu tapacaq”.

 

Gələcək direktorların hədəfləri

 

Görəsən, namizədlər nə düşünür? Niyə direktor olmaq istəyir, təyinatdan sonra hansı addımları atmağı, nə yenilik etməyi planlaşdırırlar?

 

Kürdəmir rayon məktəblərində direktorluğa namizəd Sakit Nəsirov internet resursları ilə hazırlaşıb. 6 illik müəllimlik təcrübəsindən sonra köhnə direktorlardan örnək götürsə də, özünəməxsus yeniliklər də etmək niyyətindədir: “Kollektivdə münasibətlər çox önəmlidir. Məktəbin hazırkı nailiyyətlərinin artırılması əsas hədəfim ola bilər. Ancaq konkret hər hansı yenilik, həyata keçirə biləcəyim dəyişiklik yoxdur”.

 

Qəbələ rayonundan direktorluğa namizəd Vəfa İbrahimli son illər təhsildə həyata keçirilən islahatları və həmin islahatların tərkib hissəsi olaraq, məktəb direktorlarının işə qəbul imtahanlarını demokratikliyin, şəffaflığın, obyektivliyin təcəssümü kimi qiymətləndirir: “Çox ədalətli oldu. Sualları nə asan, nə də çətin hesab edə bilmərəm. Cavab verə bildiyim və bilmədiklərim oldu. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Hesab edirəm ki, imtahanla işə qəbul olunan direktorların fəaliyyətində bu özünü göstərir. Mən də öz fəaliyyəti ilə seçilənlərdən olmaq fikrindəyəm. Düşünürəm ki, həyata keçirmək istədiyim bəzi fəaliyyət üçün direktorluq bir vasitə olacaq. Direktor kimi ibtidai və buraxılış siniflərində nəzarətin gücləndirilməsinin tərəfdarıyam”. 

 

Direktorluğa özümü tam hazır hesab edirəm

 

Qazax rayonundan direktorluğa namizəd Samir Hüseynov təcrübəli müəllim və təlimçidir: “2008-ci ildən sonra İKT-nin təhsilə tətbiqi üzrə təlimçi kimi fəaliyyət göstərirəm. Kurikulumun təhsilə tətbiqi, fənn kurikulumu üzrə ayrı-ayrı rayonlarda müəllimlərə təlim keçmişəm. Təhsil Nazirliyinin “Həmkara dəstək” layihəsində də təlimçi idim. 2011-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. 2015-ci ildə “Potensial məktəb direktorları” kursunda iştirak etmişəm. Düşünürəm ki, xəyalımdakı məktəbi qurmağa hazıram. Elektron məktəb və elektron sinif sistemləri ilə tanış olmuşam, rəhbəri olacağım məktəbdə də bu sistemin uğurla tətbiqinə nail ola bilərəm. 20 illik müəllimlik təcrübəm var. Direktor kimi ilk təcrübəm olacaq, ancaq Bakı şəhərində yüzlərlə direktora, inzibati heyətə təlimlər keçmişəm. Direktorluğa özümü tam hazır hesab edirəm. Məktəbdən ayrılmadan, tədrisdən yayınmadan indiyədək təlimçisi olduğum təlimləri rəhbərlik etdiyim məktəbin müəllimlərinə də keçmək niyyətindəyəm. Bu vasitə ilə məktəbdə müəllimlərin keyfiyyət göstəricilərini artırmağı düşünürəm. Əsas hədəfim isə paytaxtdan 500 kilometr uzaqda yerləşən məktəbdə elektron sistemə daxil ola biləcək məktəbi qurmaqdır”. 

 

Rasimə Carçıyeva hazırda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Etmək istədiyi, ancaq direktor olmadığı üçün edə bilmədiyi elə bir iş yoxdur. Direktor olmaqda əsas məqsədi karyera pilləsində daha bir addım atmaqdır: “Müəllim fəaliyyətimə Ermənistandan başlamışam. Məlum hadisələrdən sonra Yuxarı Əksipara kəndində, kənd işğal olunandan sonra isə Qazax şəhərində fəaliyyətimi davam etdirmişəm. Hətta Qazax Rayon Təhsil Şöbəsində metodist vəzifəsində də çalışmışam. 8 ildir ki, Qazax şəhər 1 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyirəm. Gələcək işimdə indiyə qədər direktorum olan şəxslərdən öyrəndiklərimi tətbiq etməyi düşünürəm. Çalışacağam ki, dövlətə layiqli vətəndaş yetişdirim”.

 

Məktəbdə, yoxsa ehtiyat kadr siyahısında

 

Onu da qeyd edək ki, test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur.

 

Ruhiyyə DAŞSALAHLI


Açar sözlər: ,